Yüklənir...
TƏCİLİ

Emin Hüseynov: İlham Əliyev – Tarixi Arzuları Azərbaycan Reallığına Çevirən Prezident

prezident-set-plyus-formatinda-gorusde-cixis-etdi


Bəzən bir dövlətin keçdiyi böyük yolu anlamaq üçün rəqəmlərə deyil, dəyişən reallıqlara baxmaq kifayətdir. Bir zamanlar həsrətlə adı çəkilən Şuşada bu gün Azərbaycan bayrağı dalğalanır, illərlə doğma yurduna qayıdacağı günü gözləyən insanlar Qarabağa dönür, vaxtilə dağıntılar içində qalan ərazilərdə yeni şəhərlər yüksəlir. Azərbaycan artıq dünənin problemləri ilə yaşayan deyil, sabahın hədəflərini müəyyənləşdirən bir dövlət kimi yoluna davam edir. Bu tarixi dəyişikliklərin mərkəzində isə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, qətiyyətli və milli maraqlara söykənən dövlət siyasəti dayanır.

İlham Əliyevin siyasi fəaliyyətini fərqləndirən əsas cəhətlərdən biri dövlətin gücünü yalnız iqtisadi imkanlarla deyil, milli iradə ilə birləşdirə bilməsidir. İllər ərzində Azərbaycan öz iqtisadi potensialını artırdı, ordusunu gücləndirdi, beynəlxalq əlaqələrini genişləndirdi və müstəqil siyasət aparmaq imkanlarını möhkəmləndirdi. Bütün bunların arxasında isə konkret bir məqsəd dayanırdı: Azərbaycan heç bir siyasi mərkəzin iradəsindən asılı olmayan, öz qərarlarını özü verən və milli mənafelərini qorumağı bacaran qüdrətli dövlət olmalıdır.

Tarix Prezident İlham Əliyevin qarşısına Azərbaycan rəhbərlərinin çox azına nəsib olan son dərəcə ağır, eyni zamanda şərəfli bir missiya qoydu. Otuz ilə yaxın davam edən Qarabağ həsrətinə son qoymaq, xalqın tapdanmış haqqını bərpa etmək və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək həmin missiyanın ən böyük hissəsi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər yalnız torpaqların azadlığı demək deyildi. Bu Qələbə Azərbaycan xalqının öz gücünə inamının, milli ləyaqətinin və illərlə qəlbində yaşatdığı Vətən arzusunun təntənəsinə çevrildi.

Şuşanın azadlığı ilə zirvəyə yüksələn həmin tarixi yol sonrakı mərhələdə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin olunması ilə tamamlandı. Bu gün Azərbaycan bayrağının ölkənin bütün suveren ərazilərində dalğalanması xalqımız üçün adi siyasi hadisə deyil. Bunun arxasında şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı, əsgərlərimizin cəsarəti və bütöv bir xalqın illərlə qoruduğu milli iradə dayanır. Prezident İlham Əliyevin adının Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yer tutmasının ən mühüm səbəblərindən biri də məhz nəsillərin arzusunda olduğu tarixi məqsədin onun prezidentliyi dövründə gerçəkləşməsidir.

Ancaq güclü dövlət yalnız müharibəni qazanmaqla deyil, qazandığı torpağa həyatı qaytarmaqla da öz qüdrətini nümayiş etdirir. Bu gün Qarabağda gedən quruculuq prosesi Azərbaycanın Zəfərdən sonrakı gücünün ən aydın ifadələrindən biridir. Yeni evlər tikilir, yollar dağları və vadiləri birləşdirir, məktəblər açılır, kəndlər yenidən qurulur, enerji və kommunikasiya infrastrukturu yaradılır. Dünən səssiz qalan torpaqlarda bu gün həyatın səsi eşidilir. Böyük Qayıdışla öz yurduna dönən hər bir ailə Azərbaycanın yalnız ərazi bütövlüyünü deyil, həmin torpaqlardakı həyatını da bərpa etdiyini göstərir.

Bu böyük tarixi mənzərənin ən uca yerində isə şəhidlərimizin xatirəsi dayanır. Azərbaycanın bugünkü Qələbəsinin və bütövlüyünün hansı fədakarlıqlar hesabına əldə edildiyi dövlət səviyyəsində daim vurğulanır. Şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil və digər sosial təminat məsələlərinin həlli istiqamətində görülən tədbirlər dövlət siyasətində xüsusi əhəmiyyət daşıyır. Şəhid ailəsinə göstərilən ehtiram, qaziyə göstərilən qayğı əslində Azərbaycanın öz tarixinə və öz qəhrəmanına verdiyi qiymətin ifadəsidir. Çünki bu dövlətin ən böyük Zəfərinin imzasında onların əvəzsiz payı vardır.

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız hərbi-siyasi müstəvidə deyil, iqtisadi və geosiyasi baxımdan da yeni imkanlar qazanıb. Vaxtilə əsasən enerji ehtiyatları ilə tanınan ölkə bu gün mühüm nəqliyyat yollarının, beynəlxalq enerji marşrutlarının və regional iqtisadi layihələrin iştirakçısıdır. Azərbaycan öz coğrafi mövqeyini iqtisadi və siyasi üstünlüyə çevirməyə çalışaraq Şərqlə Qərb arasında mühüm bağlantılardan biri kimi əhəmiyyətini artırır. Paralel olaraq qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının, sahibkarlığın, rəqəmsal iqtisadiyyatın və yaşıl enerjinin inkişafı yeni dövrün əsas istiqamətləri sırasında yer alır.

Bu inkişafın əsas mənası isə nəticədə Azərbaycan vətəndaşının həyatında hiss olunmalıdır. Yeni məktəbdən müasir xəstəxanaya, kənd yolundan magistral infrastruktura, sosial təminatdan məşğulluq imkanlarına qədər həyata keçirilən layihələrin böyük hissəsi məhz insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Dövlətin iqtisadi gücünün sosial siyasətlə tamamlanması, həssas təbəqələrin müdafiəsi və regionların inkişafının diqqətdə saxlanılması ölkənin gələcəyinin yalnız rəqəmlər üzərində deyil, insan amili üzərində qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın beynəlxalq mövqeyində baş verən dəyişiklik də diqqətdən kənarda qala bilməz. Bu gün Bakı mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən, müxtəlif siyasi və iqtisadi platformalarda öz mövqeyini ortaya qoyan paytaxtlardan biridir. Azərbaycan dünya dövlətləri ilə münasibətlərini qarşılıqlı maraq və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirməyə çalışır. Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycanın mövqeyini açıq və qətiyyətli şəkildə ifadə etməsi ölkənin öz milli maraqlarını müstəqil şəkildə müdafiə edən dövlət obrazını daha da möhkəmləndirir.

İlham Əliyev dövrünün Azərbaycanı artıq qarşısında yalnız bir böyük məqsəd görən ölkə deyil. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət indi iqtisadi qüdrətini artırmaq, azad torpaqları dirçəltmək, yeni nəsillər üçün daha güclü ölkə qurmaq və beynəlxalq mövqelərini daha da möhkəmləndirmək mərhələsindədir. Dünənin ən böyük arzularından bəziləri bu gün gerçəkliyə çevrilib, bugünkü gerçəklik isə sabahın daha böyük məqsədləri üçün başlanğıc nöqtəsidir. Məhz buna görə Prezident İlham Əliyevin rəhbərliyi ilə keçilən yol Azərbaycanın müasir tarixində təkcə bir siyasi dövr deyil, milli iradənin Zəfərə, Zəfərin isə yeni dövlətçilik mərhələsinə çevrildiyi mühüm tarixi salnamə kimi dəyərləndirilir.