Malik Mirzəyev: Azərbaycan–Özbəkistan Qardaşlığı - Ortaq Tarixdən Müttəfiqliyin Yeni Zirvəsinə

Azərbaycan və Özbəkistan arasında münasibətlər bu gün sadəcə diplomatik əlaqələr çərçivəsi ilə məhdudlaşmayan, ortaq tarixə, dilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və əsrlər boyu formalaşmış qardaşlıq duyğularına söykənən möhkəm strateji tərəfdaşlıq nümunəsidir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər də iki ölkə arasında münasibətlərin hansı möhkəm təməl üzərində qurulduğunu bir daha aydın şəkildə göstərir. Azərbaycan və özbək xalqlarının əsrlərdən gələn qarşılıqlı rəğbəti bu gün dövlətlərarası münasibətlərin inkişafına güclü mənəvi zəmin yaradır. Məhz bu tarixi yaxınlıq siyasi münasibətlərin qısa müddətdə yüksək inkişaf mərhələsinə çatmasında mühüm rol oynayıb.
Son illərdə Azərbaycan–Özbəkistan münasibətləri keyfiyyətcə tamamilə yeni mərhələyə qədəm qoyaraq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Qarşılıqlı səfərlərin intensivləşməsi, dövlət başçılarının müntəzəm təmasları, imzalanan mühüm sənədlər və həyata keçirilən birgə layihələr bu münasibətlərin ardıcıl və düşünülmüş siyasət əsasında inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və etimad dövlətlərarası əlaqələrin möhkəmlənməsinə xüsusi təkan verir. İki liderin siyasi iradəsi sayəsində Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq artıq ayrı-ayrı sahələri deyil, demək olar ki, bütün istiqamətləri əhatə edən geniş strateji məzmun qazanıb.
Müttəfiqlik münasibətlərinin hüquqi və siyasi bazasının daha da gücləndirilməsi bu inkişafın ən mühüm göstəricilərindən biridir. “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”, “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” və digər mühüm sənədlər iki ölkənin gələcək əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirir. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə münasibətlərin institusional baxımdan daha sistemli idarə olunmasına imkan verən mühüm mexanizm kimi çıxış edir. Şuranın fəaliyyəti uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə, yeni təşəbbüslərin irəli sürülməsinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsinə xidmət edir.
Azərbaycan və Özbəkistan arasında siyasi dialoqun yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın genişlənməsi üçün də əlverişli imkanlar yaradıb. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi, birgə müəssisələrin yaradılması və yeni iqtisadi layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi potensialının bir-birini tamamladığını nümayiş etdirir. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti bu sahədə mühüm platformaya çevrilib. Sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, xidmət, avtomobil istehsalı və digər istiqamətlərdə həyata keçirilən layihələr əməkdaşlığın yalnız bu günün tələblərinə deyil, həm də gələcək inkişaf perspektivlərinə hesablandığını göstərir.
Energetika sahəsi də Azərbaycan–Özbəkistan tərəfdaşlığının xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biridir. Ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, yaşıl enerji sahəsində irəli sürülən təşəbbüslər iki ölkənin müasir çağırışlara uyğun yeni iqtisadi model formalaşdırdığını göstərir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın genişlənməsi, yaşıl enerjinin Xəzər üzərindən Avropa bazarlarına çatdırılması perspektivi regionun enerji xəritəsində mühüm dəyişikliklər vəd edir. Azərbaycanın tranzit və enerji infrastrukturu ilə Özbəkistanın geniş bərpaolunan enerji potensialının birləşdirilməsi gələcəkdə böyük iqtisadi imkanlar yarada bilər.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycanla Özbəkistanın yalnız ikitərəfli deyil, bütövlükdə regional əhəmiyyətini artırır. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada malik olduğu strateji coğrafi mövqe Şərqlə Qərb arasında yeni nəqliyyat əlaqələrinin qurulmasına geniş imkanlar açır. Orta Dəhlizin inkişafı, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun gələcəkdə digər regional nəqliyyat xətləri ilə əlaqələndirilməsi, Xəzər üzərindən yükdaşımaların artırılması Azərbaycanın və Özbəkistanın beynəlxalq logistika sistemində rolunu daha da gücləndirir. Bu layihələr həmçinin Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir.
Azərbaycan–Özbəkistan münasibətlərinin ən mühüm istiqamətlərindən biri Türk dünyası çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsidir. Hər iki dövlət Türk Dövlətləri Təşkilatını yalnız siyasi və iqtisadi əməkdaşlıq platforması deyil, ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcək nəsillərə daşıyan strateji birlik kimi qiymətləndirir. Azərbaycan və Özbəkistanın TDT daxilində fəal fəaliyyəti türk dövlətləri arasında siyasi dialoqun dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, nəqliyyat və logistika imkanlarının birləşdirilməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq Türk dünyasının beynəlxalq nüfuzunun və qlobal siyasi-iqtisadi çəkisinin artmasına xidmət edir.
Mədəni-humanitar əlaqələr Azərbaycan–Özbəkistan qardaşlığının ən möhkəm sütunlarından biri olaraq qalır. Azərbaycan və özbək xalqlarının eyni mədəni köklərə, yaxın dillərə, oxşar adət-ənənələrə və ümumi mənəvi dəyərlərə malik olması qarşılıqlı əlaqələrin təbii şəkildə inkişafına şərait yaradıb. Qarşılıqlı mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi tədbirlər, “Şuşa Günləri” və digər təşəbbüslər xalqlar arasında yaxınlığı daha da artırır. Bu tədbirlər dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara deyil, dərin ictimai və mənəvi bağlara söykəndiyini nümayiş etdirir.
Təhsil sahəsində əməkdaşlıq da iki ölkənin gələcəyə yönəlmiş münasibətlərinin xüsusi göstəricisidir. Özbəkistanın təşəbbüsü ilə Füzuli şəhərində inşa edilərək istifadəyə verilən Mirzə Uluqbəy adına məktəb Azərbaycan xalqına göstərilən qardaşlıq münasibətinin parlaq nümunələrindən biridir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bu layihə yalnız təhsil müəssisəsinin yaradılması deyil, həm də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı genişmiqyaslı bərpa və quruculuq işlərinə mənəvi dəstəyin ifadəsidir. Belə layihələr iki xalqın dostluğunun gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm simvollardır.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində Özbəkistan xüsusi yer tutur. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması ölkəmizin regionla münasibətlərində yeni mərhələnin başlanmasını göstərir. Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiya arasında təbii coğrafi və iqtisadi körpü rolunu oynayır. Xəzər dənizi isə bu iki regionu ayıran deyil, əksinə, birləşdirən mühüm nəqliyyat və enerji məkanı kimi çıxış edir. Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığı iki dövlətin sərhədlərindən kənara çıxaraq daha geniş regional inteqrasiyanın əsas dayaqlarından birinə çevrilir.
Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində də bir-birini dəstəkləyən yaxın tərəfdaşlar kimi çıxış edirlər. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda qarşılıqlı əməkdaşlıq iki ölkənin ortaq maraqlarının müdafiəsinə xidmət edir. Bakı və Daşkəndin milli maraqlara əsaslanan müstəqil, praqmatik və çoxşaxəli siyasət yürütməsi onların beynəlxalq arenada mövqelərinin yaxınlaşmasına şərait yaradır. Qarşılıqlı dəstək və koordinasiya isə Azərbaycanla Özbəkistanın regional və beynəlxalq proseslərdə imkanlarını daha da genişləndirir.
Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəsi təsadüfi proses deyil. Əsrlərdən gələn ortaq tarixi yaddaş, xalqlarımızın qardaşlıq duyğuları, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi münasibətlərin möhkəm əsaslarını yaradıb. Bu gün Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi sayəsində Azərbaycan və Özbəkistanın qardaşlığı siyasi müttəfiqlik, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat tərəfdaşlığı, humanitar əlaqələr və Türk dünyasının birliyi ilə tamamlanır. Mövcud inkişaf dinamikası əminlik yaradır ki, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri bundan sonra da yeni layihələrlə və təşəbbüslərlə zənginləşəcək, iki xalqın rifahına, regionda sabitliyə və bütövlükdə Türk dünyasının güclənməsinə mühüm töhfələr verəcək.